Cəlbedici dizayn dedikdə bir çox insan qarışıq, daha çox animasiyalar istifadə edilən dizaynlar nəzərə alır. Lakin özünə sual vermir ki, mən bir istifadəçi kimi bu dizaynda olan platformanı (veb sayt və ya mobil tətbiqi) istifadə edərəm? Bəlkə də bu sualı verir, ancaq öz məhsulu olduğu üçün “əlbəttə” cavabı tapır. Düşünmək lazımdır ki, bu məhsul haqqında heç bir məlumatı olmayan şəxs ilk tanışlıqda onu istifadə edə biləcək?

Məqalədə bu suallara birlikdə cavab tapmağa çalışacaq və müştərilərimizin tələblərinə uyğun, rahat istifadə edə biləcəkləri dizayn yaratmaq üçün mərhələlərdən bəhs edəcəyik.

 

İstifadəçi dostu (UserFriendly) dizayn necə yaratmaq olar?

Araştırmalara görə insanlar gün keçdikcə estetik olaraq sadə hazırlanmış, mövzusu birbaşa və asan başa düşülən, rahat işlədilə bilən dizaynları daha cəlbedici görürlər. Bundan əlavə həmin platformanın (veb sayt və ya mobil tətbiq fərq etmədən) sürətli yüklənməsi və keçidlərdə sürətli olması da istifadəçilərin qərarına təsir edir.

Son illərdə insanların bu seçimlərini nəzərə alan dizaynerlərin minimalist dizayna keçid etmələri də buna görə təəccüb doğurmur. Ancaq qeyd etmək lazımdır ki, minimalizm “Asan Dizayn mənasına gəlmir. Əksinə bu anlayış dizaynerlər üçün bəzən böyük problemə çevrilir.

Minimal dizayn platformanın birbaşa məqsədinə xidmət etməyən bütün funksiyaların çıxarılması mənasına gəlir. Bundan sonra platforma sadəcə öz lazımlı funksiyasını yerinə yetirən bir vasitə kimi ortaya çıxır. Buna görə də minimal dizayn hazırlayarkən bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır.

 

  • Mesajı net olaraq verməlidir

Bir veb sayt və ya mobil tətbiq yaratmazdan əvvəl onun funksionallığını və verəcəyi mesajı təyin etməlisiniz. Burada markanızın fəaliyyəti istiqamətində bir məqsəd götürməli və ona uyğun bir mesaj seçimi etməlisiniz. Dizayn mərhələsində isə bu məqsəddən kənara çıxmamalısınız.

Nəzərə alaq ki, hər hansı məhsulunuzu satmaq üçün bir veb sayt hazırlayırsınız. Bu zaman, istifadəçi sayta daxil olan anda həmin məhsulu görməli və bir kliklə alış səhifəsinə keçid etməlidir. Əgər istifadəçi sayta daxil olduqda alış səhifəsinə keçid düyməsini saniyələrlə axtarırsa o istifadəçini böyük ehtimalla itirirsiniz.

 

  • Diqqət dağıdan ünsürlər minimuma endirilməlidir

Burada nəzərə aldığımız diqqət dağıdan ünsürlər pop-up reklamlar, gərəksiz şəkil və məlumatlar və sairdir. Platformanızın dizaynını dəyərləndirməli və orada məqsəddən xaric olan bütün ünsürləri çıxarmalısınız.

Bu mərhələdə istifadə edəcəyiniz ən yaxşı üsul 80-20 qanunudur. Bu qanuna əsasən istifadəçilərinizin 80 faizi platformanızın sadəcə 20 faizini istifadə edəcək. Buna görə də yeni xüsusiyyətlər əlavə etməkdənsə əvvəlki 20 faizlik xüsusiyyəti daha da təkmilləşdirməyiniz istifadəçilərinizi sevindirər.

 

  • Seçim sayı azaldılmalıdır

İstifadəçi dostu dizayn üçün ən önəmli addımlardan biri də seçim sayının az olmasıdır. İstifadəçilərə görə daha çox seçim daha uzun vaxt sərfiyyatı deməkdir ki, bu da onların bəzən heç bir seçim etməməsi ilə nəticələnir.

Veb saytınızda və ya mobil tətbiqinizdə məqsədə xidmət edən, istifadəçinin işini ən qısa müddətdə bitirəcəyi, nəticəyə bir neçə kliklə çatacağı bir dizayn etmək hər zaman ən düzgünüdür.

 

  • Rəng nizamı və tərtibat

Minimalist dizaynda da hər bir dizayn tipində olduğu kimi, əsas hissələr daha vurğulu olmalıdır. Seçilən rənglər və tərtibat göz oxşamalıdır. Bunu insanlar həmişə yanlış anlayır ki, minimalist dizaynda bölmələr ağ-qara olmalı və ya sadəcə solğun rənglər işlədilməlidir. Əksinə canlı rənglərlə gözəl bir kombinasiya yaratmaq istifadəçilərin platformaya daxil olduqda daha yaxşı hisslər keçirməsinə və orada daha uzun müddət qalmasına gətirib çıxarar.

Digər bir əsas mövzu isə boşluqların düzgün istifadəsi ilə zərif bir dizayn ortaya çıxarmaqdır. Bir birinə yaxın düymələr, məlumatlar hər zaman istifadəçilərin düşüncələrini qarışdırır və onlara çətinlik yaradır.

 

  • İstifadəçilər dinlənilməlidir

Ən önəmli məqam budur ki, istifadəçilərinizin fikirlərini almalı və onların dediklərinə əsasən dizaynda yeniliklər etməlisiniz. Bunun üçün daim onlarla kontaktda olmalı, xüsusi vasitələrlə onların platformanızdakı hərəkətlərini izləməli, məlumat toplamalısınız.

Məhsulunuzu satmağa çalışdığınız insana istədiyini verməsəniz o, qalmaq məcburiyyətində deyil. Bəzən ən yaxşısını bildiyimizi zənn edir və dəyişikliklərdən qaçırıq. Lakin unutmaq olmaz ki, “Müştəri hər zaman haqlıdır”. İnsanları sadəcə platformanızın onların istədiyi olduğuna inandırın.

“Əgər bir qayıq düzəltmək istəyirsinizsə, insanlara ağac kəsdirməyə, hərkəsi bir iş arxasınca qaçırmağa, sağa sola buyruqlar yağdırmaya çalışmayın. İnsanlara əvəzsiz, ucsuz bucaqsız dənizin gözəlliyini duymağı öyrədin yetər.” –Leland Bell

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 2 Ortalama: 5]