Axtarış sistemlərində dünya üzrə hegemonluq Google-dadır və belə görünür qısa müddət ərzində də bu dəyişməyəcək. Araştırmalara görə realist hədəflərlə hər hansı bir axtarış sistemini qurmaq üçün mimimum 1 milyard dollar büdcə ilə başlamaq lazımdır. Məhz buna görə dövlətlər və ya şirkətlərin böyük əksəriyyəti bu mövzuda maraqlı deyillər. Maraqlı olan şirkətlər isə bazarda sadəcə 1-2%-lik kiçik hissə tuta bilirlər.

Hazırkı vəziyyətdə internet üzrə aparılan axtarışların 90%-dən çox hissəsi Google-ın payına düşür. İstifadəçilərin Google üzərində toplaşması kontent yaradıcılarının da əsas diqqətini bu platformaya çəkir. Hər kəsin marağının bir nöqtəyə cəmlənməsi də rəqabəti artırır və işin nəticəyə çatmasını qəlizləşdirir.

Belə düşünə bilərik ki, istifadəçilər əvvəlcə Google-a daxil olur və oradan digər veb saytlara paylanır. Yəni Google-ı ziyarət edən hər kəs onun alqoritmalarına əsasən tövsiyə etdiyi veb saytı seçir. Bu da o deməkdir ki, əgər Google sizin veb saytınızı sevirsə əlavə reklam xərclərinizi azalda, hətta 0-a endirə bilərsiniz.

Qısacası əgər internet üzərində var olmaq istəyirsinizsə, gərək Google ilə yaxşı yola gedəsiniz.

Google ilə yaxşı yola getmək zərurətdir

Hər bir işdə yaxşı münasibət iki tərəfin bir-birinin qanunlarına hörmət etdiyi müddətcə davam edir. Daha dəyərli olan tərəfin qanunları qabarıq olur və bəzən digər tərəf öz qanunlarını yumşaldır. Google-da bu nümunədəki dəyərli tərəfdir. Onun bəzən məcburiyyət deyil, tövsiyyə olaraq dilə gətirdiyi qanunları da öz veb saytınızda tətbiq etməyiniz münasibətlərinizi daha yaxşı hala gətirər.

Bəs Google-ı aldatmaq olar?

Bu iş düşündüyümüzdən biraz fərqlidir. Google hazırda milyardlarla dollarlıq sektorların dəyişimində iştirak edir. Həmin sektorlarda ən düzgün nəticəni önə çıxarmaq üçün alqoritmalarını hər gün yeniləyir. Bəs bunu necə edir? Yazının başında qeyd etdiyim axtarış sistemi açmaq üçün lazımlı, dodaq uçuqladan büdcənin istifadəsi də məhz buna görədir. Minlərlə Google mühəndisi hər kəsin axtardığı kontentə ən qısa və ən dolğun şəkildə çatması üçün fəaliyyət göstərir. Bütün bu fəaliyyətə baxmayaraq, saxtakar insanlar hələ də Google-ı aldada bilir.

Bunu necə edirlər?

Google hər zaman öz axtarış alqoritmalarını gizli tutmağa çalışan bir axtarış sistemidir. Lakin istifadəçilər bunu nə yolla olur olsun axtarıb tapa bilir. Nümunə olaraq bir müddət bundan əvvəl Google WEB 2.0 ilə hazırlanmış saytları önə çıxarırdı. Bunu başa düşən bəzi qruplar bu tipdə yüzlərlə veb sayt hazırlayaraq Google-da önə çıxmağa nail olmuşdular.

Yaxın dövrümüzə diqqət etsək Google sosial şəbəkələrdən gələn linklərə və geri dönüşlərə önəm verir. Yenə də bəzi insanlar saxta hesablarla və ya digər yollarla Google-ın alqoritmalarını aldada və veb saytı layiq olmadığı sıralara çıxara bilir.

Bu yolda fəaliyyət göstərən SEO Booster sistemləri də mövcuddur. Həmin sistemlər veb sayt sahiblərinə 1 ay kimi qısa müddətdə Google-ın ilk səhifəsində görünmə sözü verir və bunun üçün yüksək məbləğlər tələb edirlər. Lakin bilmək lazımdır ki, həmin əməliyyatların heç biri daimi xarakter daşımır. Qısa müddət sonra saytınız yenə də arxa sıralara düşə, hətta bəzi səhvliklər ucbatından Google tərəfindən block edilə bilir və xərclərinizin qarşılığını almırsınız.

Buna görə də ən düzgün yol doğru SEO əməliyyatları aparmaq və orijinal kontentlər yaratmaq, Google ilə münasibətləri düzgün saxlayaraq ön sırada çıxmaqdır. Belə halda uzun vaxt sərfiyyatı olsa belə, nəticəsi sizi daha çox xoşbəxt edər.

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 3 Ortalama: 5]