Bu gün fərqli bir mövzuya toxunmaq istəyirəm. 1 ildən artıq müddətdir Amerika blokadası altında öz ekosistemini inkişaf etdirən şirkət, Huawei bu məqaləmizin baş qəhrəmanıdır. Gəlin ilk öncə ekosistem nədir ona baxaq.

Ekosistem bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistemidir. Texnologiya dünyasında da bu eynilik təşkil edir. Huawei ekosistemi dedikdə Huawei-in istehsal etdiyi cihazlar, bu cihazların bir-biri və istifadəçilərlə qarşılıqlı əlaqəsi nəzərdə tutulur.

İllərdir mobil sektorda müxtəlif markaların rəqabətini görürük. Bunlar arasında ən böyükləri Apple, Samsung, Huawei daim satış faizi ilə digər istehsalçıları geridə buraxıb. Bu 3 nəhəng şirkət arasında isə fərqlənən bir istehsalçı olub ki, bu Apple-dır. Apple istehsal etdiyi cihazlarda digər istehsalçılardan asılılığı ən aza endirməsi və öz ekosistemini qurması ilə önə çıxır. Geniş istehsal çərçivəsinə malik şirkət öz ekosistemində mobil telefon, tablet, laptop, ağıllı saat, qulaqlıq və digər istehsal etdiyi cihazların hər birində öz əməliyyat sistemini yerləşdirir və onların qarşılıqlı əlaqəsini təmin edir. Bu da deməkdir ki, bir dəfə bu ekosistemə girən insan oradan çətin çıxır. Çünki bütün cihazları Apple olan bir şəxs mobil telefonunu android bir cihazla əvəzləsə telefonu ilə digər cihazları arasında əlaqənin kəsiləcəyini bilir və bu riskə getmir. Apple məhz bu strategiya ilə illərdir özünə daimi müştərilər qazanır və digər rəqiblərindən fərqlənir. Huawei və digər istehsalçılar isə yenə də hər bir addımında Google kimi nəhəngdən asılı idilər. Taa ki, 1 il əvvəl Amerika ilə Huawei arasında yaranan çaxnaşmaya qədər.

Mobil bazarda Huawei satışlarının 1 il öncə Apple-ı keçməsi ilə başlanan bu çaxnaşmada Amerika öz daxilindəki şirkətlərin Huawei-ə hər hansı proqram təminatı və ya cihaz satışı etməsinə qadağa qoymuşdu. Bu Huawei-in cihazlarında artıq heç bir Google xidmətini istifadə edə, həmçinin Intel, Qualcomm kimi şirkətlərdən prosessor və digər hissələri idxal edə bilməyəcəyi mənasına gəlirdi. Bu halda Huawei üçün yeganə çıxış yolu öz ekosistemini qurmaq, digər istehsalçılardan asılılığı azaldaraq əməliyyat sistemini və cihazlar üçün gərəkli hissələri istehsal etmək idi. Belə də oldu.

Huawei qısa müddətdə öz əməliyyat sistemi olan Harmony OS-u və proqram mağazası olan App Gallery-ni tanıtdı. Bundan sonra şirkət üçün ən çətin məsələ proqramistlərin bu əməliyyat sisteminə rahat alışması və App Gallery-də proqramlarını yayımlaması üçün şərait yaratmaq idi. Bunun üçün HMS (Huawei Mobile Services) tanıdıldı. HMS eyni Google Services kimi, proqramistlərin ehtiyacı olan bütün vasitələri təmin edirdi. Lakin yenə də bir çox proqram şirkəti milyonlarla istifadəçisi olan App StoreGoogle Play qarşısında App Gallery üçün əziyyət çəkməyə maraqlı deyildi. Huawei onlarda marağı artırmaq üçün AppGallery-ni tamamilə ödənişsiz etdi və satılan proqramlardan tutqunu digər marketlərlə nisbətdə yarıya endirdi. Hazırda bir çox proqramlar bu marketdə də öz yerini alıb.

Huawei eyni Apple kimi, cihazlarının hər birində (mobil telefon, tablet, laptop, ağıllı saat, qulaqlıq) öz əməliyyat sistemini quraşdırdı və onların bir-biri ilə qarşılıqlı əlaqəsini təmin etdi. Bundan əlavə Huawei həm də 5G kimi texnologiyalarda öndə gələn şirkətdir bu da o deməkdir ki, şirkət bəzi hissələrdə hətta Apple-dan daha böyük üstünlüklərə malikdir. Buna görə də Huawei tam bir ekosistem sayıla bilir.

Müvəqqəti əziyyətdən sonra asılılığı minimuma enmiş bir şirkət halına gələn Huawei Çin daxilində satışlarını ikiqat artırmağa nail oldu, dünyada isə demək olar satışları stabil saxladı. Bir sözlə Amerika blokadasını öz faydasına çevirə bildi. Digər Android rəqibi Samsung isə hələ də Google ilə yoluna davam edir və bəlkə də eyni aqibət onu da gözləyir.

Hazırda öz ekosisteminə malik 2 şirkət AppleHuaweidir. Demək olar ki, yaxın gələcəkdə mobil sektorda çox böyük dəyişikliklər görə bilərik. Bu mövzuda sizin fikriniz nədir? Sizcə bir zamanlar Nokia, BlackBerry kimi nəhənglərin öz əməliyyat sistemi ilə rəqabət edə bilmədiyi bazarda Huawei bacara biləcək?

Google xidmətləri olmayan Huawei-dən mobil telefon alarsınız?