Bu gün əksəriyyət üçün maraqlı olan “Peşəkar veb sayt necə hazırlanmalıdır?” sualına cavab tapmağa çalışırıq.

  • Əvvəlcə onu qeyd edim ki, veb sayt qurmaq istəyən hər bir şəxs “Niyə veb sayta ehtiyacım var?”“Bu veb saytı nə üçün istifadə edəcəyəm?” suallarına cavab tapmalıdır. Veb saytla satışları artırmaq, mövcud olan müştərilərə daha yaxşı xidmət göstərmək kimi məqsədlər gözdən keçirilərsə dizaynın və funksionallığın hansı səviyyədə olacağını daha aydın təyin etmək olar.
  • İdeya sahibi özü proqramçı olmasa belə, bu sahə üzrə araşdırma aparmalı, az da olsa məlumat əldə etməlidir. Buna səbəb odur ki, həmin şəxs hər hansı bir proqramçıya layihəsi barədə məlumatı tam dolğun çatdırmalı və proqramlaşdırma zamanı nəyin mümkün olduğunu qavramalıdır. Həmçinin, o rəqib veb saytları əvvəlcədən araşdırmalı və saytın qurulması zamanı istifadə olunacaq texnologiyaların onlardan daha yaxşı və ya eyni olması barədə düşünməlidir.
  • Növbəti mərhələdə veb sayt üçün cəlb edici, məqsədi izah edən, eyni zamanda çox uzun olmayan bir ad və yerləşdiriləcəyi hosting şirkəti seçilməlidir. Ad bir veb sayt üçün müştərilərin ağlında qalması, hosting isə saytın yüklənmə sürəti baxımından önəmli faktorlardır. Eyni zamanda, bunların hər ikisi saytın axtarış sistemlərində (Google, Yandex, Bing və s.) sıralamasına təsir edir.
  • Veb saytın dizaynı isə yuxarıda qeyd etdiklərimizdən daha təsiredici bir faktordur. Dizayn elə olmalıdır ki, yeni gəlmiş və sistemdən məlumatı olmayan istifadəçiləri yormasın. Buna paralel olaraq, dizayn bütün brauzerlərdə və ekran ölçülərində düzgün görünməli, mobil variantı hazırlanmalıdır. Mobil dizayn mövcud olmayan veb saytlar Google kimi böyük axtarış sistemləri tərəfindən istifadəçiyə yararsız olaraq görüldüyü üçün sıralamada geriyə atılırlar.
  • SEO (Search Engine Optimisation) – Bu bəlkə də məqaləni oxuyan bir çox insan üçün yad məvhumdur. Açılışı “Axtarış Sistemi Optimizasiyası” olan bu proses veb saytın tanınması baxımından zəruri, hətta məcburidir. SEO zamanı veb sayt əvvəldə də qeyd etdiyimiz axtarış sistemlərinə düzgün təqdim edilməlidir. SEO-ya əsasən axtarış sistemləri tərəfindən veb sayta göndərilən botlar bu saytın hansı axtarış sözləri zamanı göstəriləcəyini, həmçinin istifadəçilər üçün dolğun məlumata malikliyini yoxlaya bilirlər. Mentorumun dediyi belə bir sözlə davam etmək istəyirəm: “Google-da 2-ci səhifə məzarlıqdır və oraya sadəcə ölülərlə maraqlananlar gedir”. Gülünc olsa da bu belədir. İstifadəçilərin 90%-i Google-da sadəcə ilk səhifədə görünən veb saytları açır, ikinci və digər səhifələrə demək olar heç kim baxmır. Buna görə də SEO elə aparılmalıdır ki, veb sayt lazım olan axtarış sözləri üzrə ilk səhifədə görünsün.
  • Yuxarıdakı məqamların hər biri həll olduqda veb sayt peşəkar olur ? XEYR. Veb saytı qurmaq və düzgün SEO aparmaq işin sadəcə başlanğıcıdır. Bundan sonrakı mərhələdə isə saytı kontent baxımından daim yeniləmək lazımdır. “Biz müştərilərimiz üçün ən aktual informasiyanı çatdıran saytları ön plana çıxarırıq” – deyir Google.
  • İnternet çox böyük rəqabət məkanıdır, burada ayaqda qalmaq üçün rəqiblərinizdən daha çox çalışmalı və ruhdan düşməməlisiniz. Çünki axtarış sistemlərində saytları insanlar yox botlar sıralayır. Biraz əziyyət çəksəniz də sonda nəticəsini alacaqsınız !
    Növbəti məqaləm “Veb saytın istifadəçilərini necə artırmalı?” başlığı altında olacaq. İzləməyə davam edin…

Nail Seyidov

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 5 Ortalama: 5]