Əgər bir veb saytınız mövcud deyilsə “Peşəkar veb sayt necə hazırlanmalıdır?” başlıqlı məqaləmi oxumağınızı tövsiyyə edirəm.

Əvvəlcə bunu qeyd edim ki, veb saytınızda heç vaxt istədiyiniz qədər istifadəçiyə çata bilməyəcəksiniz, çünki insan hər zaman daha artığını istəyir.

Başlamadan öncə sizə bir sual: Niyə saytınızın trafikini artırmaq istəyirsiniz? Məncə bu cavabda həmfikir olarıq: “Daha çox pul qazanmaq üçün”. Marketoloqların gözəl bir sözü var ki, “Saytınızdakı trafiki müştəriyə çevirə bilmirsinizsə, o trafikə ehtiyacınız yoxdur”.

Biz trafiki müştəriyə çevirə bildiyinizi nəzərə alaraq necə istifadəçiləri artırmaq olar  barəsində danışaq. Bu tövsiyyələr “Growth hacking” (böyümə hakerliyi) xarakterli yox, sizin real əziyyətinizlə nəticə verəcək tövsiyyələrdir.

Düzgün açar sözləri istifadə edin

Əvvəlki yazımda qeyd etdiyim kimi, saytınızın mövzusuna dəqiq qərar verməli və bu mövzu üzərindən kontentlər paylaşaraq saytı daim aktiv saxlamalısınız. Kontentləri paylaşarkən etdiyiniz kiçik əlavələr saytınıza axtarış sistemlərindən gələcək trafiki dəyişə bilir. Mən öz saytımdan nümunə vermək istəyirəm. “Veb sayt xidməti” ilə bağlı sayta bir məqalə yerləşdirilən zaman Google’da axtarış xanasına seçilən məqalə başlığı ilə əlaqədar bir neçə söz yazıb, təklif olunan açar sözlərinə fikir vermək lazımdır. Çünki Google tərəfindən bizə tövsiyyə olunan açar sözləri əslində həmin region üzrə ən çox axtarılanlardır.

Şəkildən gördüyümüz kimi, “veb sayt” yazdıqda ilk sıralarda “veb sayt hazırlanması”, “veb sayt yığılması” kimi açar sözləri çıxır. Bu açar sözləri məqaləmizi yazarkən istifadəçilərin hiss etməyəcəyi və cümlə quruluşunu itirməyəcək tərzdə ara-ara işlətmək trafik artımı baxımından faydalıdır.

Daha ətraflı açar söz analizi üçün Keywordtool.io xidmətini istifadə edə bilərsiniz. Həmçinin saytınız fəaliyyətə başladıqdan sonra Google Search Console, Google Analytics üzərində qeydiyyatdan keçirsəniz saytınıza daxil olan trafiki izləyə, hansı açar sözlərindən saytınıza daha çox istifadəçi gəldiyini görə və buna uyğun əməliyyat apara bilərsiniz.

E-poçt abunə listi yaradın

Bu, çox uzun zamandır istifadə olunan bir taktika olsa da, hələ də keçərlidir. Saytınızdakı yenilikləri e-poçt üzərindən birbaşa istifadəçilərə çatdırmaq əldə etdiyiniz trafikin böyük hissəsini daimi trafikə çevirməyə kömək edir. Belə ki, saytın açılışı zamanı bir Pop-up pəncərə vasitəsilə daxil olanlardan könüllü şəkildə e-poçtlarını soruşa bilərsiniz. Lakin bu sayta daxil olan hər bir istifadəçi üçün müəyyən aralıqlarla görünməli və onu bezdirməməlidir. Bazaya yığılmış e-poçt ünvanlarına toplu şəkildə saytınızın yeniliklərini göndərə bilər və istifadəçilərin daimi olmasını təmin edə bilərsiniz.

Backlink alın

Backlink nədir? Backlink sizə digər veb saytlardan keçid üçün verilmiş linklərdir. Bu üsul trafik artırmaq üçün əvəzsiz üsullardan sayılır, lakin düzgün istifadə edilərsə.

Belə bir vəziyyəti nəzərə alaq. “Hər hansı bir veb sayt adminindən öz saytınızın linkini yazı daxilində və ya saytın digər bölməsində paylaşmasını xahiş edirsiniz. Lakin sizin saytınız “texnologiya xəbərləri” mövzusundadır, digər sayt isə “yemək reseptləri” mövzusunda. Həmin saytın yüksək trafiki olsa belə, oradan alacağınız trafik sizə xeyirdən çox zərər verər. Çünki böyük bir ehtimalla “yemək reseptləri” mövzulu saytın oxuyucuları üçün texnologiya xəbərləri maraqsız olacaq və daxil olduğu anda saytı tərk edəcək”. Buna görədə backlink veriləcək saytın istifadəçiləri ilə sizin saytınızın istifadəçiləri eyni maraq dairəsində olmalıdır. Bu zaman trafik baxımından faydalı backlink əməliyyatı etmiş olarsınız.

Bundan əlavə, öz saytınızda bir yazınız daxilindən digər yazınıza link verməyiniz də faydalı sayılır.

Sosial olun

Bu əslində çox yaxşı bacardığımız bir fəaliyyətdir. Hər birimiz bütün etdiklərimizi sosial şəbəkələrdə paylaşıb, bundan zövq alırıq. Lakin iş mövzusunda paylaşım edərkən vəziyyət dəyişir.

Hər hansı bir veb sayt açmısınız və istifadəçilərini artırmaq istəyirsiniz. Deməli artıq siz bunu özünüz üçün biznes sayırsınız və bu yolda əlinizdən gələnin ən yaxşısını etməlisiniz. Saytınızın sosial şəbəkə hesabları mövcud olmalı və buradan daima paylaşımlar edilməlidir. Sosial şəbəkələr üzərindən də sayta verilmiş linklər SEO baxımından müəyyən təsirə malikdir.

SEO haqqında əvvəlki yazıya baxa bilərsiniz: bax

Reklam

Yuxarıda qeyd etdiyimiz üsulların hamısı öz fəaliyyətinizlə ödənişsiz həyata keçirilə bilər. Bu üsulda isə siz saytınızın reklamı üçün müəyyən bir məbləğ ayırmalı və onu düzgün reklam üçün istifadə etməlisiniz. Düzgün reklam dedikdə “Backlink” başlığında da dediyimiz kimi, sizin saytınıza marağı olmayan trafik zərər gətirir.

Facebook və Google hal hazırda reklam üçün ən çox filtr seçimi verən platformalardır. Reklamınız üçün düzgün müştəri profilini düşünməli və həmin profilə uyğun filtrlərlə reklam verməlisiniz. Ən sürətli trafik gətirən üsul reklam üsuludur, lakin əgər qeyd etdiyimiz profil düzgün seçilməz və yanlış müştərilər reklamı görərsə böyük məbləğlər xərclənsə belə daimi trafik əldə edilməz.

Qısa müddətə böyük trafik sözü verən xidmətlər

20-25 gün ərzində böyük trafik sözü verən xidmətlərdən istifadə etməyiniz tövsiyyəli deyil. Bunların böyük əksəriyyəti verdiyi sözü tuta bilmir və ya tutsa da saytınıza həmin qısa müddətdə gələn trafik elə qısa zamanda da azalaraq əvvəlki vəziyyətinə qayıdır. Çünki önəmli olan, saytınıza minlərlə insanın daxil olması deyil, saytınızın həmin minlərlə insanı özündə saxlayacaq potensialda olub olmamasıdır.

Yekun olaraq demək istəyirəm ki, qeyd olunanlardan başqa bir çox fəaliyyətlə trafik artırıla bilər. Mən bunlar arasında ən təsiredici olanları sizə çatdırdım.

Növbəti məqalənin başlığını siz seçə bilərsiniz

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 4 Ortalama: 5]