Günü gündən onlayn fəaliyyətlərin daha da artdığı dünyamızda hər birimiz özümüzə yer tapmağa çalışırıq. Bir birindən maraqlı, bəzən xəyali, bəzən realist ideyalar gəlir ağlımıza və bunları gərçəkləşdirmək istəyirik. Bu ideyaları gərçəkləşdirmək büdcə tələb edir və biz seçim etməli oluruq: “Veb sayt yoxsa mobil tətbiq?”. Təbii ki, hər ikisinin mövcud olduğu bir platforma daha yaxşı ola bilər, amma büdcə hər ikisi üçün kifayət etmədiyi təqdirdə birindən başlamalıyıq.

Əvvəlcə onu deyə bilərəm ki, bu sualın konkret bir cavabı mövcud deyil. Siz özünüz bu məqaləni oxuyaraq ehtiyacınıza uyğun olan seçimi edəcəksiniz. Bunun üçün əvvəlcə iki seçim arasındaki fərqi anlamaq və ehtiyaclarla qarşılaşdırmaq lazımdır. Gəlin başlayaq.

Veb sayt və mobil tətbiq arasındaki fərq

Veb saytlar HTML formatda bir birinə bağlanmış səhifələr qrupudur. Dizaynları hər bir daşınabilən cihaz üçün uyğunlaşdırıla bilir və istifadəçi daxil olan zaman əlavə yükləmə tələb olunmur. Veb saytı açmaq üçün sadəcə internet bağlantısı kifayət edir, həmçinin məlumatları istifadəçilərə çatdırmaqda nisbətən ucuz bir üsuldur.

Mobil tətbiqlər isə alqoritmalarına görə oflayn və ya onlayn olaraq fəaliyyət göstərə bilən tam əhatəli və funksional proqramlardır. İstifadəçilər üçün endirilmə, təsisçi üçün isə daha yüksək məbləğdə maliyyə tələb edir. Lakin populyar bir markanı daha yaxşı tanıtmaq üçün gərəklidir.

Emarketer platformasının araştırmasına görə hələ də elektronik ticarət sahəsində mobil veb saytlar tətbiqlərdən daha çox istifadə edilir. Lakin seçim etməzdən əvvəl hər ikisinin xüsusiyyətlərinə baxaq.

Veb saytın xüsusiyyətləri

Sürətli və asan yenilənmə

Veb saytı qurmaq və daha sonrasında yeniləmək mobil tətbiqə görə sürətli aparıla bilir. Bir veb saytı CMS (məsələn, WordPress, Joomla, DLE)  köməkliyi ilə qurmaq olur və bunun üçün internetdə tapıla bilən sonsuz qaynaq var. Bundan əlavə HTML, CSS, XML (yeni başlayanlar üçün bunlar asandır) kimi dillərlə ilkin mərhələ veb sayt qurula bilər. Özünüz etməsəniz də hər hansı bir proqramçı veb saytı mobil tətbiqdən çox aşağı qiymətə hazırlayar. Hazırlandıqdan sonra hər bir yenilənmə anlıq olaraq bütün istifadəçilərə görünər. Mobil tətbiq üçün isə hər bir yenilənmənin təsdiqlənməsi ortalama Google Play-də 2 saat, App Store-da isə 2 gün zaman tələb edir.

Veb saytlar bütün əməliyyat sistemləri və ekran ölçülərinə uyğundur

Başda qeyd etdiyimiz kimi, veb saytları hazırlayan zaman bütün ekran ölçülərinə uyğun (responsive) etmək olur. Beləliklə, bütün əməliyyat sistemi və ekran ölçüsünə sahib istifadəçi rahatlıqla sayta daxil ola bilir. Bu da daha geniş bir kütləyə daha qısa zamanda çatmaq deməkdir. Mobil tətbiqdə isə hər bir əməliyyat sistemi üçün ayrı hazırlanma tələb olunur.

Veb saytlar axtarış sistemlərində daha rahat optimizasiya edilir

Bu funksionallıq ilə veb saytlar SEO prosesi düzgün aparıldıqda bütün axtarış sistemlərində istifadəçilərə görünür və bu da daha tez bir nəticə əldə etməyə gətirib çıxarır. Mobil tətbiqlərdə bu prosesin adına ASO (App Store Optimisation) deyilir. Lakin, alqoritması sizin fəaliyyətinizdən asılı olmadan istifadəçilərin verdiyi xallara əsasən formalaşır. Bu da prosesi idarə edə bilməməyinizlə nəticələnir və gecikmə yaradır.

Mobil tətbiqlərin xüsusiyyətləri

İstifadəçi ilə daha yaxın təmas

Bu nə deməkdir? Əgər layihənizdə müştəriləriniz ilə anlıq əməliyyatlar etməyiniz və ya onların anlıq reaksiyaları ilə proseslər aparmaq gərəklidirsə veb sayt sizin üçün düzgün seçim olmayacaq. Bu mobil tətbiqlərin veb sayt qarşısında ən böyük avantajlarıdır.

İstifadəçi cihazındakı funksiyaların istifadəsi

Mobil tətbiq vasitəsilə istifadəçinin mobil telefon və ya tabletinin funksiyalarını (kamera, sensorlar, GPS və s.) istifadə edə bilərsiniz. Bununla istifadəçi üçün daha dolğun və funksional proqram yaradıla bilər,  həmçinin bu funksionallıq ilə sizə lazımlı olan dataları toplayaraq daha düzgün yeniləmələr edə bilərsiniz.

Bildirişlər

İstifadəçiləri proqramınız haqqında məlumatlandırmaq üçün bildiriş marketingi əvəzolunmazdır. Yenilikləri bütün istifadəçilərimizə eyni anda göndərmək hər birimizin arzusudur. Bunu mobil tətbiqlər çox yaxşı edir. Veb saytlar üçün də push notification quraşdırıla bilir, amma mobil tətbiqlərə görə bu yolun istifadə faizi olduqca aşağıdır.

Oflayn istifadə

Mobil tətbiqlərin oflayn istifadə avantajı var. Belə ki, özünüzə uyğun funksiyalarla hazırladığınız mobil tətbiqə oflayn istifadə xüsusiyyəti əlavə edə bilər və istifadəçilərə daha rahat proqram təmin etmiş olarsınız.

Nəticə

Bəs bunların nəticəsində hansı tərəf qazanır? Özətləyək. Hər iki tərəfin avantaj və dezavantajlarını dəyərləndirdikdə səhvliklə veb sayt daha üstündür deyə bilərik. Bu qismən doğrudur. Hədəfiniz internetə bağlana bilən hər bir istifadəçi üçün qısa zamanda bir proqram hazırlamaqdırsa veb sayt düzgün seçim ola bilər. Lakin tam funksional, istifadəçi cihazları ilə daim kontakt halında və sensorları istifadə edəcək bir proqram hazırlamaq istəyirsinizsə, vaxtınız və maliyyəniz varsa mobil tətbiq doğru seçimdir. Yekunda belə demək olar ki, böyümüş markanız üçün hər ikisi mövcud olmalıdır. Bu məqalə nəticəsində başlanğıcı hansı ilə edəcəyinizi təyin edə bilərsiniz.

Növbəti məqalənin başlığını özünüz təyin edə bilərsiniz.

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 3 Ortalama: 5]