VPN-lər bloklanmış veb saytlara daxil olmaq və ya şəxsi IP ünvanını gizlətmək üçün ən yaxşı seçim kimi görünür, lakin VPN istifadəsi hər zaman üçün asan deyil. Anti-VPN texnologiyası veb saytlar və ya cihazlardan gələn trafiki təyin edib onu bloklaya bilir. Bəzi şirkətlər və ya internet provayderləri bu texnologiyanı istifadə etməklə idarəetməni öz əlində saxlayır.

Bu əngəlləmələrin bir çox hüquqi səbəbləri vardır. Bunlara hər hansı bir zonada düzgün internet filtirasiyası aparmaq və sair səbəbləri aid etmək olar. Nümunə kimi göstərmək olar ki, 2017-ci ildə Çin höküməti daxildəki provayderlərə internet qanunlarını baypas edən bütün şəbəkələri (VPN-ləri) bloklamağı əmr etmişdi. Həmçinin bir çox məktəb və ya qurumlarda da internet filtirasiyası etmək üçün eyni prosedur tətbiq edilir.

İşləyən VPN necə bağlanır?

Hər birimizin müşahidə etdiyi kimi, bu gün sosial şəbəkələrdə insanlar bir-birindən işləyən VPN soruşur. Yazılan proqramlar bir çox insan tərəfindən yüklənilir və istifadə edilir. Bir proqram üzərindən çox sayda insan qoşulduğu zaman həmin xidmətin IP ünvanları Anti-VPN sistemləri tərəfindən təyin edilir və bloka atılır. Buna görədir ki, normal qoşulma mümkün olan proqramlar bir neçə gün ərzində istifadəyə yararsız hala gəlir.

Bloka düşməmək üçün nə etmək olar?

vpn istifadəsi

Bu proqramları istifadə edərkən bloka düşməmək üçün bir neçə üsul var ki, sizi Anti-VPN-lər qarşısında qoruya bilər.

Premium VPN xidmətləri istifadə etmək

Ödənişsiz xidmətlər çox sayda insan tərəfindən istifadə olunduğu üçün tez zamanda blok olunur. Premium xidmətlər isə sizdən aldığı kiçik ödəniş qarşılığında sizin IP ünvanınızı tez-tez dəyişərək blok olunma ehtimalını minimuma endirir.

Proqram daxilində ölkə seçimini dəyişdirmək

Bunu əslində bir çoxumuz bilmədən istifadə edirik. Qoşulma zamanı hər bir ölkə seçimində fərqli IP ünvanı istifadə olunduğu üçün blok olunmamış ölkə tapmaq ehtimalı böyükdür.

Şəxsi IP ünvanı istifadə etmək

Bəzi proqramlar sizin üçün şəxsi IP ünvanı təklif edir. Belə proqramların istifadəsində IP ünvanı sizə məxsus olduğu üçün digər şəxslər istifadə edə bilmir və bloklanması mümkünsüz olur.

Port 443 üzərindən OpenVPN istifadəsi

Bu daha texniki bir həlldir. Müəyyən qədər texniki məlumatınız varsa bu yolla çox rahat şəkildə VPN istifadəsi mümkündür.

Port 443 kredit kartı və ya bank məlumatları kimi həssas məlumatların tələb olunduğu veb saytlara qoşulma zamanı istifadə olunan portdur.

OpenVPN istifadəsi zamanı SSL şifrələnməsi istifadə olunduğundan portunuzu 443 edərək istənilən qoruma divarını keçmək mümkündür.

Gizli şəbəkə

Bir çox proqramda qoşulma zamanı özünün VPN olduğunu bildirən alqoritmalar yer alır. Yəni bu proqramlarla qoşulduğunuz zaman proqram özü “bu cihaz VPN istifadə edir” xəbərdarlığını edir. Buna görə istifadə etdiyiniz proqram haqqında geniş məlumat əldə etməli və gizli olan versiyaları istifadəsi etməlisiniz.

Bunlardan başqa Tor şəbəkəsi, SSL tunelləməsi və digər bir çox həllər mövcuddur. Növbəti məqaləmdə bu həllər haqqında geniş məlumat verəcəyəm.

Ödənişsiz proqram axtarışındasınızsa bir öncəki “Ən təhlükəsiz və ödənişsiz VPN hansıdır?” məqaləmi oxuya bilərsiniz.

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 2 Ortalama: 5]