+ Qəşəng bir mobil proqram ideyam var qardaşım, konkret partladacaq. Sadəcə biraz pul lazımdır.

Qardaş pulu mən taparam. Nə qədər lazımdır?

+ Sən tap. İdeyamı indi demirəm, çünki kimsə eşidər, oğurlayarlar.

Bəs kimlər olacaq işdə?

+ Sən, mən bir də pulu qoyacaq adam.

Qardaş sən idman müəllimisən, mən həkim, pulu qoyacaq adam da kafe işlədir. Deyirsən ideya da mobil proqramdır. Proqramçı kim olacaq?

+ Əşi o vacib deyil. Həll edərik…

Dedi, pul xərcləndi və StartUp start belə etmədən uğursuz oldu.

StartUp necə uğursuz olur?

Uzun müddətdir StartUp sektorunda həm öz layihələrim, həm də yaxın dostların layihələrinin içində olmuş, irəliləmə və ya geriləmə proseslərinə şahid olmuşam. Bu layihələrin bir çoxunda əsas problem komandanın ən başdan düzgün qurulmaması olub.

Yeni bir ideyanı gərçəkləşdirmək üçün hər bir halda risklər mövcuddur. Yəni o ideyanın reallaşmamasına təsir edən bir çox amillər var. Lakin o amilləri biz nə qədər azaltsaq, daha dəqiq araşdırma, düzgün komanda ilə layihəyə başlasaq uğursuz olma ehtimalını bir o qədər azaltmış oluruq.

Komanda necə qurulmalıdır?

“İnvestor layihəyə yox, komandaya yatırım edir” deyimini unutmamaq lazımdır. Hər hansı bir layihədə komanda üzvlərinin hər biri o layihəyə faydalı olduğu üçün seçilməlidir, digər hər hansı prinsipiallıq (qohumluq, dostluq və s.) əsasında deyil. Ən önəmlisi isə komandada layihənin olduğu sektor üzrə mütəxəssislər mütləq olmalıdır.

Yuxarıda göstərilmiş dialoq nümunəsində mobil tətbiq üzərindən yola çıxmış bir StartUP-da proqramçı olmadan yola çıxılır, halbuki o mütəxəssisə digər üzvlərdən daha çox ehtiyac var.

Qardaşım pul olsun, pulla yazdırarıq

Söhbət əgər bu “qardaşım” intonasiyası ilə başlayırsa orada mütləq nəsə müşkül məsələ var 😊. Gəlin məsələyə bu şəxsin gözündən baxaq və nəticələri nə ola bilər onu düşünək.

Bir StartUp üçün əsas fəaliyyət istiqamətindəki mütəxəssisi kənardan (outsource) işlətmək yolverilməzdir. Yəni mobil tətbiq nümunəsində IT mütəxəssis kənardan çalışmamalıdır. Mühasib, hüquqşünas və digər ehtiyac olan mütəxəssislərin belə çalışması normaldır, ancaq əsas bel sümüyünün belə işləməsi məcburi uçurum deməkdir.

Bir StartUp MVP kimi bazara çıxdığı andan etibarən geri dönüşlər əsasında daimi özünü yeniləməlidir. Kənardan iş prinsipi ilə bu yeniləmə lazımi sürətlə olmayacaq və ya ümumiyyətlə dayanacaqdır.

Ətrafda gördüyüm bir çox layihələrdə IT mütəxəssis olmadığı üçün kənarda bu layihələr hazırlanıb və bu zaman düzgün texnologiyalar seçilməyib və ya seçilsə də hazırda həmin texnologiyalar üzrə mütəxəssis tapılmadığı üçün dəstək təmin edilə bilmir.

Buna görə də hansı sahədə başlamağınızdan asılı olmayaraq həmin sahə üzrə mütəxəssisiniz mövcud deyilsə layihəni yarada biləcək şəxslərə danışın, icazə verin “oğurlasınlar”. Ən azından o layihənin reallaşmış halını görəcəksiniz. Əgər özünüz etmək istəyirsinizsə mütləq komandanı düzgün formalaşdırın.

Yeni layihə qurmaq çox gözəl bir şeydir və hər uğursuzluq bizlər üçün təcrübədir. Uğursuzluqdan qorxmaq üçün deyil bu məqalə, məqsəd uğursuzluq ehtimalını minimuma endirməkdir. Hər birinizə yeni layihələrinizdə uğurlar.

Məqalənin davamında digər uğursuzluq amillərindən danışacağam. Əgər öz variantınız varsa rəydə qeyd edin.

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 11 Ortalama: 3.9]