Son günlərdə ən çox eşitdiyimiz sözlərdən biri Metaverse-dür. Əslində bu sahədə uzun zamandır qığılcımlar olmasına baxmayaraq Facebook sayəsində bütün Dünya bu sözü eşitməyə başladı. Bəs nədir bu Metaverse? Həyat tərzimizi necə dəyişdirəcək?

Metaverse nədir?

Milli cavabımız: Boş şeydir.

Amma biz milli tərzdə cavablandırmayaq. Metaverse sözü Meta və Universe sözlərinin birləşməsindən yaranır. Meta – kənar, ötə, Universe – kainat deməkdir. İki sözü birləşdirməyi sizə buraxıram)

Metaverse sözü ilk dəfə Neal Stephensonun “Snow Crash” romanında qeyd edilmişdir. Romanda real insanların avatarlarının olduğu üç ölçülü virtual dünya Metaverse adlanırdı. Bundan başqa, elmi fantastika dünyasında, bəziləri Snow Crash-dən daha əvvəl metaverse bənzəri virtual dünyalardan dəfələrlə bəhs edilmişdi.

Metaverse insanların real həyatda edə bildiyi bir çox şeyi virtualda da etməsinə imkan verən bir dünyadır. Sadə bir nümunə ilə burada hər kəs özünə avatar yarada və bu avatarla iş, səyahət, oyun oynamaq, konsertə getmək, alış-veriş kimi bir çox gündəlik fəaliyyətləri edə və zamanla inkişaf edəcək virtual dünyanın bütün imkanlarından yararlana bilərlər. Bunun üçün isə VR və ya ağıllı eynək texnologiyasından istifadə nəzərdə tutulur. Bir sözlə filmlərdə, oyunlarda gördüyümüz bütün yaşananların bir qeyri reallıqdan və ya yuxudan ibarət olması dövrü yaxınlaşır.

Metaverse iclası

Bütün rəqəmsal sahələrin birləşdiyi virtual kainat: Metaverse

WEB 3.0 ilə insanlar artıq rəqəmsal platformalar vasitəsilə bir-biri ilə onlayn əlaqə saxlaya bilirlər. Lakin Metaverse ideyası insan qarşılıqlı əlaqəsinin ölçüsünü ondan çox fərqli bir yerə aparmağı planlaşdırır. Metaverse sayəsində insanlar virtual reallıq və ya artırılmış reallıq vasitəsilə özlərini rəqəmsal kainatda tapa və elə bu kainatda da itirə biləcəklər)

Virtual reallıq texnologiyası hazırda daha çox oyunlarda istifadə olunur. Bununla belə, Metaverse virtual reallıqdan istifadəni əhəmiyyətli dərəcədə genişləndirəcək.

Metaverse-də kriptovalyutaların da mühüm yer tutduğunu söyləmədən keçmək olmaz. Son aylarda artan NFT satışlarından artıq xəbərdarsınızsa, metaverse-ün onlarla əlaqəsini təxmin edə bilərsiniz. NFT kimi satılan bir çox əsər rəqəmsal dünyalarda qorunur. Bu əsərlərin metaverse-də sərgilənməsi və satışı da planlaşdırılır. Metaverse, blokçeyn texnologiyası sayəsində rəqəmsal kainatda olan istənilən virtual aktivdən istifadə etmək imkanını təmin edə biləcək. Qısaca ümumiləşdirsək, kriptovalyutalar virtual iqtisadiyyatın formalaşmasına və fəaliyyət göstərməsinə imkan verə bilər.

Metaverse və crypto

Metaverse həyat tərzimizi necə dəyişəcək?

Əvvəla onu deyim ki, hələ dəyişməyəcək. Kef eləyin. Dəyişməyə başlaması üçün böyük işlər görülməlidir, insanlarda VR və ağıllı eynək alışqanlıqları yaradılmalıdır, bahalı olan bu texnologiyalar üçün sərfəli alternativlər istehsal edilməlidir, virtual dünya danışdığımız şəkildə qurulmalıdır və ya qurmalıyıq. Yəni önümüzdə yol var, amma bu yolun hansı zamana qət edilməsini dəqiq demək çətindir.

Corona dövründə yaşanan bütün limitlər insanlara dərs oldu. Bu dərsdən nəticə çıxaran insanlıq üçün Metaverse kimi bir dünya əvəzolunmaz görünür. Harada olmağından asılı olmadan limitsiz bir dünya. Təbii ki, bu pozitif baxış tərzidir. Metaverse-də yolda getdiyimiz zaman qarşımıza 10 saniyəlik bir divar çıxıb, Bolt reklamı görməyəcəyimizə qaranti deyil bu.

Necə biz də faydalanaq?

İnternetin yaranması dövründən baxdıqda əslində de javu kimi bir dövr gəlir. Yeni 0 KM bir erasın başlanğıcındayıq. İndiki texnologiya divləri necə internet yeni formalaşan dövrdə bazara girib bu vəziyyətə gəlmişdisə, Metaverse-də eyni şəraiti yaradır. İlk daxil olan şirkətlər dünyanın hakimləri olacaq (və ya ilk daxil olan sən).

Metaverse üzərində nə yaratmaq və ya texnologiyaya necə dəstək olmaq fikrin var? (Metaverse-də moyka üstü çayxana qurmaq fikri olan sahibkar bunu bəyəndi)

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 8 Ortalama: 5]