StartUp Texnologiya Yenilənib ·

Texnologiya sahəsində niyə maraqsız və ya uğursuzuq?

Buraya gəlmisən və özünü texnologiyaya maraqlı şəxs kimi hiss edirsən? Bu maraq əgər ən son model iPhone almaqla bitirsə, bu yazı səndən bəhs edir.

Nail Seyidov
NS Studio-nun qurucusu · 3 dəq oxu
Texnologiya sahəsində niyə maraqsız və ya uğursuzuq?

Foto: Onur Binay / Unsplash

Buraya gəlmisən və özünü texnologiyaya maraqlı şəxs kimi hiss edirsən? Bu maraq əgər ən son model iPhone almaqla, yeni çıxan oyunun qrafikasını müzakirə etməklə və ya "filan telefonun kamerası daha yaxşıdır" mübahisəsi ilə bitirsə, səni bir az məyus etməli olacağam: bu, texnologiyaya yox, istehlaka olan marağdır.

Texnologiyanı istifadə etmək başqa, onu yaratmaq başqa. Bizdə gənclərin böyük əksəriyyəti birinci qrupdadır və bunun səbəbləri düşündüyümüzdən daha sadədir. Gəlin bir-bir baxaq.

İstehlakçı ilə yaradıcı arasındakı fərq

İstehlakçı yeni tətbiqi yükləyir, bəyənir və ya silir. Yaradıcı isə həmin tətbiqi açanda soruşur:

  • Bu necə işləyir?
  • Hansı problemi həll edir?
  • Pulunu haradan qazanır?
  • Mən bunu daha yaxşı edə bilərəmmi?

Fərq bilikdə deyil, sualdadır. Hər gün istifadə etdiyin xidmətlərə bu dörd sualla baxmağa başlasan, artıq yolun yarısındasan.

1. Dil baryeri

Etiraf edək: texnologiya dünyasının dili ingilis dilidir. Ən yaxşı kurslar, sənədlər, forumlar, suallarına cavab tapacağın icmalar — hamısı ingiliscədir. Azərbaycan dilində keyfiyyətli məzmun hələ də azdır.

Orta səviyyə ingilis dili olmadan bu sahədə irəliləmək mümkündür, amma çox yavaş. Yaxşı xəbər budur ki, texniki ingilis dili danışıq dilindən qat-qat asandır. Hər gün oxuduğun sənədlər və izlədiyin videolar özü səni öyrədəcək.

2. Tez nəticə gözləntisi

"Üç aylıq kurs bitirdim, niyə hələ də iş yoxdur?" — bu sualı çox eşidirəm. Proqramlaşdırma, dizayn, məlumat analitikası — hamısı illər tələb edən peşələrdir. Kurs sənə yalnız qapını göstərir, içəri keçmək isə sənin işindir.

Özünü inamla developer adlandırmaq üçün adətən bir-iki il davamlı praktika lazımdır. Bu müddəti itirilmiş vaxt kimi yox, investisiya kimi gör.

3. Real layihə yoxdur

Sertifikat toplamaq asandır, layihə bitirmək çətin. İşə götürən isə sertifikatına yox, nə qurduğuna baxır.

Kiçikdən başla:

  • öz şəxsi veb saytını yığ;
  • ailə biznesi və ya tanışın üçün sadə bir sayt hazırla;
  • gündəlik bir problemini həll edən kiçik tətbiq yaz;
  • açıq mənbəli layihələrə töhfə ver.

Bitmiş, işləyən üç kiçik layihə yarımçıq qalmış on böyük ideyadan daha dəyərlidir.

4. Səhv etmək qorxusu

Bizdə səhv etmək ayıb sayılır. Texnologiyada isə səhv öyrənmənin özüdür. Hər xəta mesajı sənə nəyisə öyrədir. Uğurlu şirkətlərin çoxu da ilk ideyası ilə yox, ondan çıxardığı dərslərlə uğur qazanıb.

Kodun işləmirsə, sevin: indi yeni bir şey öyrənəcəksən.

5. Mühit

Ətrafındakı insanlar sənin gələcəyini müəyyən edir. Dostlarının söhbəti yalnız telefon modelləri və oyunlar haqqındadırsa, sənin marağın da orada qalacaq.

Texnologiya icmalarına qoşul: Telegram qrupları, görüşlər, hakatonlar, inkubasiya proqramları. Orada səndən bir addım irəlidə olan insanlarla tanış olacaqsan — bu, ən yaxşı motivasiyadır.

6. Ardıcıllıq yoxdur

Bu gün Python, sabah dizayn, birigün kriptovalyuta... Hər yeni trendin arxasınca qaçmaq səni heç bir sahədə dərinləşməyə qoymur.

Bir istiqamət seç və ən azı altı ay ona sadiq qal. Sonra dəyişmək istəsən belə, artıq dərin bilik qazanmağın nə demək olduğunu biləcəksən.

Bəs nədən başlamalı?

  1. Bir sahə seç. Veb, mobil, dizayn, məlumat analitikası — sənə maraqlı gələni.
  2. Hər gün vaxt ayır. Gündə bir saat da olsa, amma hər gün.
  3. Öyrəndiyini dərhal tətbiq et. Hər mövzudan sonra kiçik bir şey qur.
  4. Nəticəni paylaş. GitHub, LinkedIn, şəxsi bloq — işin görünsün.
  5. Mentor tap. Səndən irəlidə olan biri ilə vaxtaşırı danış: səhvlərini tez görər, yolunu qısaldar. Mentorluq haqqında ətraflı burada yazmışam.

Son söz

Texnologiya sahəsində uğursuzluq çox vaxt istedadsızlıqdan yox, düzgün başlanğıcın olmamasından qaynaqlanır. Maraq varsa, işin yarısı artıq görülüb. Qalan yarısı hər gün kiçik addımlar atmaqdır.

Pul qazanmaq mərhələsinə çatanda isə "Proqramlaşdırma ilə pul qazanmaq üçün 5 tövsiyyə" yazıma bax.

Bu mövzuda

Davamını oxu

Bütün yazılar →
StartUp 3 dəq oxu

IT sahəsində StartUp quraq qardaşım

Qəşəng bir mobil proqram ideyam var qardaşım, konkret partladacaq. Sadəcə biraz pul lazımdır… Bu dialoqun hər cümləsində bir startapı batıran səhv gizlənir.

Texnologiya 2 dəq oxu

E-poçt göndərə bilən ispanaqlar yetişdirilib

Günümüzdə texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hər bir sahədə texnologiya ilə iç-içə yaşayırıq və buna tələbat yaradırıq. Kapitalizm dünyasında gəlir əldə etməyin yeganə yolu tələbatı…