StartUp Read in English →

MVP: 6 həftəyə sığan ilk versiya necə qurulur

MVP məhsulun ucuz versiyası deyil. Bu, ən vacib fərziyyəni ən az xərclə yoxlamaq üçün qurulan ilk addımdır. Nəyi qurmaq, nəyi kəsmək və 6 həftəni necə bölmək lazımdır?

Nail Seyidov
NS Studio-nun qurucusu · 3 dəq oxu
MVP: 6 həftəyə sığan ilk versiya necə qurulur

Foto: Kaleidico / Unsplash

Startap qurucusunun ilk planı çox vaxt belə görünür: qeydiyyat, profil, çat, ödəniş, reytinq, bildirişlər, admin panel, üç dil, iOS, Android və bir də veb versiya. Hamısı “ilk versiyada mütləq olmalıdır”.

Belə plan aylarla uzanır, büdcəni yeyir və ən pisi, sonda məlum olur ki, istifadəçilərə bunların yarısı lazım deyilmiş. MVP məhz bunun qarşısını almaq üçündür.

MVP nədir, nə deyil

MVP — Minimum Viable Product, yəni ən kiçik işləyən məhsul. Onun məqsədi tətbiq buraxmaq deyil, bir suala cavab tapmaqdır: insanlar bu problemi həll etmək üçün bizim yolumuzdan istifadə edəcəkmi?

MVP yarımçıq məhsul da deyil. Maşın qurmaq istəyirsənsə, ilk versiya bir təkər yox, skeytbord ola bilər: kiçikdir, sadədir, amma insanı A nöqtəsindən B nöqtəsinə aparır. Yarımçıq məhsul heç bir işi görmür, MVP isə bir işi sona qədər görür.

Bir istifadəçi, bir problem, bir əməliyyat

MVP-ni bir cümlə ilə yaza bilməlisən:

Kim üçün hansı problemi hansı əsas əməliyyatla həll edirik?

Məsələn: “ev heyvanı olanlar üçün baytara növbə tutmağı bir dəqiqəlik əməliyyata çeviririk”. Bu cümlədə nə çat var, nə reytinq, nə də üç dil. Bu cümləyə sığmayan hər şey ikinci versiyanın işidir.

6 həftəlik plan

1-ci həftə — problem və istifadəçi. Kod yazma. 15–20 potensial istifadəçi ilə danış: bu problemi həqiqətən yaşayırlarmı, indi necə həll edirlər, buna nə qədər vaxt və pul xərcləyirlər? Bu söhbətlərdən sonra fikrin dəyişə bilər və bu, ən ucuz dəyişiklikdir.

2-ci həftə — ssenari və prototip. İstifadəçinin əsas yolunu kağızda və ya Figma-da çək: girir, nə görür, nəyə basır, nə əldə edir. Prototipi 5 nəfərə göstər. Harada ilişirlərsə, problem oradadır.

3–5-ci həftələr — qurmaq. Yalnız əsas yolu qur. Qeydiyyat, ödəniş, bildiriş kimi hissələr üçün hazır həllərdən istifadə et, onları sıfırdan yazmağın vaxtı deyil. Hər həftənin sonunda işləyən bir versiya olsun, “az qalıb” yox.

6-cı həftə — ilk istifadəçilər. İlk 10 istifadəçini reklamsız, əl ilə tap. Onları izlə, onlarla danış, harada çətinlik çəkdiklərini yaz. Bu həftə yeni funksiya yox, öyrənmək həftəsidir.

Nəyi kəsməli

İlk versiyada çox vaxt bunlara ehtiyac yoxdur:

  • Gözəl admin panel. İlk ayda sadə cədvəl kifayətdir.
  • Bir neçə dil. Əvvəl bir bazarda işlədiyini sübut et.
  • Mürəkkəb rollar və icazələr. İki rol — istifadəçi və admin — çox vaxt yetər.
  • Öz ödəniş və ya çat sistemin. Bunun üçün hazır xidmətlər var.
  • Hər platforma üçün ayrıca tətbiq. Bəlkə veb və ya PWA kifayətdir. Bu barədə “Veb sayt yoxsa mobil tətbiq?” və “Flutter yoxsa native” yazılarına bax.

Kəsmək itirmək demək deyil. Kəsdiyin hər şey siyahıda qalır, sadəcə növbəsini gözləyir.

Bəzən MVP-nin kodu olmur

Ən sürətli MVP bəzən heç proqram deyil:

  • Tanıtım səhifəsi və forma. Məhsulu təsvir et, “ön sifariş” düyməsi qoy və neçə nəfərin basdığına bax.
  • Telegram bot. Sifariş və ya müraciət qəbulu üçün tətbiqdən çox daha tez qurulur.
  • Əl ilə xidmət. Arxada sən özün işləyirsən, istifadəçi isə nəticəni alır. Proses işləyirsə, sonra avtomatlaşdırırsan.

Qayda belədir: məhsulu avtomatlaşdırmazdan əvvəl əl ilə işlədiyini sübut et.

Buraxılışdan sonra nəyə baxmalı

  • İnsanlar əsas əməliyyatı sona qədər tamamlayırmı?
  • Bir dəfə yox, yenidən qayıdırlarmı?
  • Pul ödəməyə, heç olmasa vaxt ayırmağa hazırdırlarmı?
  • Nəyi soruşurlar, nədən şikayət edirlər?

Rəqəmlərə bax, amma ilk mərhələdə ən dəyərli məlumat söhbətlərdədir. On istifadəçi ilə dərin söhbət böyük anketdən daha çox şey öyrədir.

Nəticə

MVP-nin məqsədi tətbiq buraxmaq deyil, öyrənməkdir: ən az xərclə, ən tez. Altı həftənin sonunda ya fərziyyən təsdiqlənir və növbəti addımı inamla atırsan, ya da yanlış yolda aylar və böyük büdcə itirmədən dayanırsan. Hər iki nəticə qələbədir.

Hələ “quraq, sonra görərik” mərhələsindəsənsə, əvvəlcə “IT sahəsində StartUp quraq qardaşım” yazısını oxu. MVP siyahını birlikdə kəsmək istəsən, mentorluq sessiyasına yaz.

Bu mövzuda

Davamını oxu

Bütün yazılar →
StartUp 3 dəq oxu

IT sahəsində StartUp quraq qardaşım

Qəşəng bir mobil proqram ideyam var qardaşım, konkret partladacaq. Sadəcə biraz pul lazımdır… Bu dialoqun hər cümləsində bir startapı batıran səhv gizlənir.